REGİONLAR
Mingəçevirdə “Sağlam gənclik, sağlam gələcək” mövzusunda müzakirələr aparılıb
Mingəçevirdə tələbələrlə keçirilən görüşdə gənclər arasında idmanın və bədən tərbiyəsinin, sağlamlığın təbliği, zərərli vərdişlərə qarşı maarifləndirmə işinin aparılmasının vacibliyindən danışılıb.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Turizm Kollecində “Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilən tədbirdə kollecin direktoru professor Əyyub Əyyubov ölkədə həyata keçirilən gənclər siyasətindən, gənclərə yaradılan şəraitdən, onların potensial imkanlarının reallaşdırılmasına göstərilən dövlət qayğısından bəhs edib. Tədbirdə yeni Gənclər Mərkəzinin, “Kür” Olimpiya Tədris-İdman Kompleksinin inşa edilərək mingəçevirli gənclərin istifadəsinə verilməsi və hazırda şəhərdə möhtəşəm Olimpiya-İdman Kompleksinin tikintisinin davam etdirilməsi, gənclərlə bağlı layihələrin həyata keçirilməsi barədə məlumat verilib. Tədbirdə şəhər gənclərinin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif zərərli vərdişlərdən uzaq olmaları məsələləri müzakirə edilib.
Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov asayişin qorunması, gənclərin zərərli vərdişlərdən uzaq olmaları, dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurmasının baş verməməsi üçün ictimai təşkilatların, eləcə də hər bir vətəndaşın roluna böyük ehtiyac olduğunu vurğulayıb.
Görüşdə tələbə və müəllimləri maraqlandıran suallar cavablandırılıb.