QAN YADDAŞI
Mingəçevirdə “Xocalı soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayətdir” mövzusunda konfrans keçirilib
Mingəçevir, 27 fevral, AZƏRTAC
Mingəçevir Turizm Kollecində “Xocalı soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayətdir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda kollecin direktoru professor Əyyub Əyyubov çıxış edərək ermənilərin xalqımıza qarşı düşmənçiliyinin tarixindən danışıb. XX əsrin sonunda bu düşmənçiliyin yenidən baş qaldırmasını və Qarabağ münaqişəsinin alovlanmasını qeyd edən Ə.Əyyubov 1992-ci il fevralın 26-da Xocalıda baş verən qanlı hadisəni bu münaqişənin və Azərbaycanın müasir tarixinin ən ağrılı faciələrindən biri olduğunu vurğulayıb. O, faciə haqqında həqiqətlərin dünyaya çatdırılması üçün dövlətimizin apardığı fəaliyyəti xüsusi olaraq qeyd edib.
Konfransda “Xocalı soyqırımı ermənilər tərəfindən planlı şəkildə törədilmiş cinayətdir”, “Milli qəhrəman Əlif Hacıyev və onun silahdaşları tərəfindən Xocalı aeroportunun mərdliklə müdafiə edilməsi”, “Xalqımız Xocalı soyqırımını heç vaxt unutmayacaqdır”, “Xocalı kədərini –Azərbaycan həqiqətini bütün dünya bilməlidir” mövzularında məruzələr dinlənilib.
Xocalı soyqırımına həsr olunan film nümayiş etdirildikdən sonra müəllimlərin və tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim olunub.
Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı kollecdə hazırlanan tədbirlər planına uyğun olaraq dərslər, “dəyirmi masa”lar keçirilib. Ayrı-ayrı qruplar tərəfindən faciəni özündə əks etdirən rəsm əsərləri və divar qəzetləri hazırlanaraq xüsusi guşələrdə nümayiş etdirilib.