REGİONLAR
Mingəçevirdə akademik Zərifə Əliyevanın xatirəsi yad edilib
Mingəçevir, 27 aprel, AZƏRTAC
YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan “Şərəfli ömrün hekayəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevaya həsr olunan filmə baxıblar.
Tədbirdə Mingəçevir şəhər “Tələbə” poliklinikasının baş həkimi, YAP şəhər təşkilatının İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurcamal Əsgərova çıxış edərək, Zərifə Əliyevanın ömür yolundan, fəaliyyətindən danışıb. Qeyd edilib ki, fitri istedada malik Zərifə Əliyeva saf və nadir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun əziz xatirəsi bizlərin qəlbində daim yaşayacaqdır.
Sonra Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Rahilə Məmmədova, YAP şəhər təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvü Dilşad İlyasova, Mingəçevir Politexnik İnstitutunun müəllimi, texniki elmlər üzrə fəlsəfə doktoru Kifayət Məmmədova və 13 saylı orta məktəbin direktoru, Əməkdar Müəllim Tünzalə Seyidova çıxış edərək böyük şəxsiyyət, istedadlı həkim Zərifə Əliyevanın keçdiyi ömür yolu haqqında fikirlərini bölüşüblər. Natiqlər tibb elmi tarixində sözünü deyən həkim oftalmoloq Zərifə Əliyevanın Azərbaycanda bu sahənin inkişafındakı xidmətlərindən və oftalmologiya sahəsində imza atdığı yeniliklərdən, uğurlardan ətraflı danışıblar.