İDMAN
Mingəçevirdə bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən yarışda balacalar, yeniyetmələr və gənclər yaş qruplarında 103 gimnast və 9 komanda iştirak edib.
İdmançılar “Ocaq Sport” Klubunu, Respublika Kompleks İdman Məktəbini, Bakı Gimnastika Məktəbini, “Sərhədçi” İdman Olimpiya Mərkəzini, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətini, “Gömrükçü” İdman Klubunu, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialını, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil ediblər.
Turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan olan idmançılar da çıxış ediblər.
Ölkə birinciliyində balacaların fərdi çoxnövçülük üzrə yarışında, 2008-ci il təvəllüdlü gimnastların mübarizəsində Nərminə Bayramova qızıl medal qazanıb. 2007-ci il təvəllüdlü gimnastlar arasında Fatimə Məmmədzadə birinci yeri tutub. 2006-cı il təvəllüdlü atletlərin mübarizəsində isə Fidan Yusifzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bölgələrarası kubok yarışlarında 2008-ci il təvəllüdlü gimnastlar arasında Aişə Rəcəbli çempion adını qazanıb. 2007-ci il təvəllüdlülər arasında Nənəbacı Şəfiyeva, 10 yaşlı gimnastların yarışında isə Leyli Ağazadə qızıl medala sahib olublar.
Yeniyetmələrin mübarizəsində Arzu Cəlilova bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nərminə Səmədova yarışı ikinci, Nəzrin Cəfərzadə isə üçüncü pillədə başa vurublar.
Gənclərin yarışında Zöhrə Ağamirova fərqlənib. Dərya Farşbafşəhriyari ikinci, Ukrayna təmsilçisi Aleksandra Yaremçuk isə üçüncü olublar.
Komanda yarışında isə qrup hərəkətlərində ilk üçlükdə “Ocaq-1”, “Ocaq-2” və “Gömrükçü” kollektivləri qərarlaşıblar.