REGİONLAR
Mingəçevirdə cari ilin 6 ayı ərzində görülən işlər təhlil edilib
Mingəçevir, 17 iyul, AZƏRTAC
2016-cı ilin yanvar-iyun aylarında Mingəçevir şəhərinin istehsal müəssisələrində 88 milyon manatlıq sənaye məhsulu istehsal olunub, tikinti-quraşdırma işlərinə 15 milyon manat vəsait xərclənib, əsas kapitala 16 milyon manat vəsait yönəldilib, istehlak bazarında 51 milyon manatlıq mal və material satılıb, xidmət göstərilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər cari ilin 6 ayı ərzində Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında səsləndirilib. Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 2016-cı ilin 6 ayında şəhərin küçə və səkilərinə, məhəllədaxili ərazilərinə 14 min kvadratmetr yeni asfalt örtük salınıb, 650 paqonmetr səki daşı düzülüb, 3600 kvadratmetr sahəyə dekorativ tamet döşənib, 80 yeni işıq dirəyi quraşdırılıb. Qeyd olunan işlər şəhərin D.Əliyeva, N.Nərimanov, Vidadi, Vaqif küçələrində aparılıb. Hündürmərtəbəli yaşayış binalarında dam örtüklərinin əsaslı təmir işləri aparılıb və 5956 kvadratmetr metal kirəmit örtük döşənib. Hazırda digər binaların dam örtüklərinin əsaslı təmiri davam etdirilir.
Dövlət Proqramına uyğun olaraq Mingəçevir şəhərində Sənaye Parkının yaradılması ilə bağlı keçmiş toxuculuq fabrikinin ərazisində işlər görülür. Şəhərin sənaye məhsulu istehsalı müəssisələri “Az.İES” və “SES Silsiləsi” MMC-lər, “Azneftemaş”, “Mingəçevir İzolit”, “AKKORD Maşınqayırma Zavodu” ASC-lər hesabat dövründə öz fəaliyyətlərini davam etdirərək məhsul istehsalını xeyli artırıblar. Mingəçevirdə 6 ay ərzində görülən tədbirlər nəticəsində 686 yeni iş yeri açılıb. Hazırda şəhər 1,7 və 9 saylı orta məktəb binalarında əsaslı təmir işləri davam etdirilir.
Tədbirdə idarə və təşkilat rəhbərləri çıxış edərək təmsil etdikləri sahədə görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıblar.