REGİONLAR
Mingəçevirdə dini ekstremizm, radikalizm və fanatizmə qarşı mübarizəyə dair konfrans keçirilib
Mingəçevir, 22 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Turizm Kollecinin və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu“ adlı elmi-nəzəri konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, kollecin müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir dini icmasının üzvləri iştirak ediblər.
Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov müzakirə olunan mövzunun aktuallığına diqqət çəkərək belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. O, hazırda dünyanın əksər bölgələrində hökm sürən böhran, xaos, terror və digər hərbi münaqişələrə rəğmən, Azərbaycanda uzun illərdir sabitliyin, firavanlığın hökm sürdüyünü bildirib. O, bu baxımdan milli mənəvi dəyərlərimizi yabançı təsirlərdən qorumağın vacibliyini diqqətə çatdırıb. Ə.Əyyubov bildirib ki, bu gün Azərbaycanın tolerantlıq ənənələri və multikultural dəyərləri dünyada örnək kimi qəbul edilir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı, pedaqogika üzrə fəlsəfə doktoru Sahib Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və digərləri “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu”, “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili”, “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” və “Gənclərin tərbiyəsində dinin rolu” mövzularında məruzələrlə çıxışlar ediblər.
Çıxışlarda dini radikalizm, fanatizm və ekstremizmin mahiyyətindən söhbət açılıb. Həmçinin ölkəmizin tolerantlıq və multikultural ənənələrinin perspektivləri barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, hazırda 13 ölkədə, habelə respublikamızın 28 ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizminin əsasları” fənni tədris olunur.