REGİONLAR
Mingəçevirdə əlil uşaqlar üçün “Yeni Azərbaycanın yeni baharları” adlı layihənin icrası başa çatıb
Mingəçevir, 26 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində fəaliyyət göstərən “Ailələrə Sosial Dayaq” İctimai Birliyi (ASDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yeni Azərbaycanın yeni baharları” adlı icma əsaslı sosial layihənin icrasını yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə şəhərdəki “River side” otelində keçirilən tədbirdə “Ailələrə Sosial Dayaq” İctimai Birliyinin nəzdindəki “Qaranquş-Yeni nəsil” Asudə Zaman Mərkəzinin və layihənin rəhbəri Mətanət Yusifova çıxış edərək layihə barədə məlumat verib. O, qeyd edib ki, 2 ay davam edən bu layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqlarla sağlam uşaqların birgə fəaliyyətinin təşkili, onlara sosial xidmətin göstərilməsi üçün könüllülərin cəlb edilməsi, bu uşaqların valideyinlərinin maarifləndirilməsi və region QHT-lərinin bu istiqamətdə fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarət olub.
Layihənin eksperti, Bakı Dövlət Universitetinin professoru Mais Əliyev bildirib ki, Azərbaycanda hazırda əlilliyi olan uşaqların sayı 67 min 193 nəfərdir. Bakının 4 məktəbində inklüziv təhsillə bağlı pilot layihə həyata keçirilir. Gələcəkdə bu təhsil bütün Azərbaycanı əhatə edəcək. Azərbaycan dövləti əlillərin hüquqlarına dair beynəlxalq konvensiyanı ratifikasiya etməklə öz üzərinə öhdəliklər götürüb. Həmin öhdəlikdən biri də inklüziv cəmiyyət və əlilliyi olan insanla fasiləsiz təhsilin təmin edilməsini özündə əks etdirir. Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən artıqdır.
Tədbirdə bu mövzuda bir çox məsələlər müzakirə olunub. Valideynlər orta məktəblərdə inklüziv təhsilin vacibliyindən söhbət açıblar.
Daha sonra sağlamlığı məhdud olan uşaqlar öz bacarıqlarını nümayiş etdirərək rəqs ediblər, mahnı oxuyublar, kiçik tamaşalar göstəriblər.