REGİONLAR
Mingəçevirdə əmək yarmarkası keçirilib
Mingəçevir, 28 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən növbəti əmək yarmarkası insanların marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə vətəndaşlara 20 müəssisə və təşkilat tərəfindən 101 boş iş yeri təklif olunub. Boş iş yerləri 15 dövlət və 5 özəl təşkilat tərəfindən təqdim edilib.
Yarmarkanın açılış mərasimində Mingəçevir şəhər Məşğulluq Mərkəzinin sektor müdiri İsmayıl Məmmədov çıxış edərək əhalinin məşğulluğunun təmin olunması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.
Yarmarkada işəgötürən idarə və təşkilatların nümayəndələri vətəndaşlara təklif etdikləri yeni iş yerləri üçün 120 manatdan 450 manatadək əməkhaqqı veriləcəyini bildiriblər. İş üçün müraciət edənlərdən 30 nəfər öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən sənaye, təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.
Ümumiyyətlə, bu ilin doqquz ayında Mingəçevir şəhər Məşğulluq Mərkəzi tərəfindən 4480 nəfər işaxtaran vətəndaş qeydiyyata alınıb, onlardan 767-si öz istəyinə və ixtisasına uyğun işlə təmin olunub.
Qeyd edək ki, noyabrda Mingəçevirdə tələbə və məzunlar üçün “Karyerada ilk addım” adlı tədbir də keçiriləcək.