REGİONLAR


Mingəçevirdə fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası üçün tədbirlər görülür

A+ A

Mingəçevir, 1 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhərində fəaliyyət göstərən “Ailələrə Sosial Dayaq” İctimai Birliyi (ASDİB) “Yeni Azərbaycanın yeni baharları” icma əsaslı sosial inkişaf mərkəzinin fəaliyyətinin təşkili” adlı layihənin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən “Ailələrə Sosial Dayaq” İctimai Birliyinin nəzdindəki “Qaranquş-Yeni nəsil” Asudə Zaman Mərkəzinin və layihənin rəhbəri Mətanət Yusifova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən layihə barədə məlumat verib.

Bildirib ki, layihənin əsas məqsədi fiziki qüsurlu və sağlam uşaqların bacarıqlarının birgə inkişaf etdirilməsi, sosial ünsiyyətə nail olunması və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, yerli QHT-lərin könüllülük fəaliyyətinə cəlb edilməsi və onların sosial xidmətlə bağlı bacarıqlarının artırılmasına yönəlib. Layihənin eksperti, Bakı Dövlət Universitetinin professoru Mais Əliyev görüləcək işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, layihə çərçivəsində iki ay müddətində Mingəçevirdə, Bakıda və Tovuzda təcrübə mübadiləsi keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində könüllülərin, o cümlədən ASDİB-in nümayəndələrinin iştirakı ilə təlimlər olacaq. Sonra iştirakçılar Tovuz rayonunda yerləşən sosial xidmətin bir forması olan “günərzi” qayğı mərkəzində olacaq, fiziki qüsurlu və sağlam uşaqların birgə inkişafı üçün tədbirlər görüləcək.

Professor Mais Əliyev bildirib ki, Azərbaycanda hazırda əlilliyi olan uşaqların sayı 67 min 193 nəfərdir. Bakının 4 məktəbində inklüziv təhsillə bağlı pilot layihə həyata keçirilir və gələcəkdə bu, bütün Azərbaycanı əhatə edəcək. Azərbaycan dövləti əlillərin hüquqlarına dair Konvensiyanı ratifikasiya etməklə öz üzərinə öhdəliklər götürüb. Həmin öhdəlikdən biri də inklüziv cəmiyyət və əlilliyi olan insanla fasiləsiz təhsilin təmin edilməsini özündə əks etdirir.

Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən artıqdır. Azərbaycanda əlilliyi olan uşaqların sayı artır və bu, hamını narahat edən problemlərdən biridir. Əlil uşaqların sayı daha çox regionların payına düşür. Ona görə də bu layihə çərçivəsində əlil uşaqlarla bağlı tədbirlər keçirilməsi vacib hesab edilir.

Qeyd edilib ki, ən böyük problemlərdən biri valideynlərin öz əlil uşaqlarını evdə gizlətməsidir. Nəticədə onların cəmiyyətə inteqrasiyası üçün çətinliklər yaranır. Hazırda Azərbaycanın 11 rayonunda “günərzi“ qayğı mərkəzləri fəaliyyət göstərir ki, orada əlilliyi olan uşaqlarla sağlam uşaqların birgə oxuması və inkişafına şərait yaradılır, onlara sosial, psixoloji və reabilitasiya dəstəyi göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.