REGİONLAR
Mingəçevirdə gənc rəssamın fərdi sərgisi təşkil olunub
Mingəçevir, 25 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində gənc və istedadlı rəssam Gülnar Tağıyevanın rəsm əsərlərindən ibarət sərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, sərgidə gənc rəssamın 50-yə yaxın rəsm əsəri ilə yanaşı, əl işləri də nümayiş olunub.
Sərginin açılışında çıxış edən Mingəçevir şəhər Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi, Heydər Əliyev Mərkəzinin rəsm studiyasının rəhbəri Gülnar Tağıyeva ilk dəfə fərdi sərgisinin keçirilməsindən qürur duyduğunu bildirib, ona dəstək olan hər kəsə, eləcə də valideynlərinə minnətdarlıq edib.
Şəhər icra hakimiyyətinin nümayəndələri Tofiq Əsgərov və Sahib Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev çıxış edərək gənc rəssama uğurlar arzulayıb, gənclərin öz istedadlarını inkişaf etdirmələri üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını bildirib, Mingəçevirdə mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıblar.