REGİONLAR
Mingəçevirdə ictimai şuraların yaradılması üzrə təlimlər keçirilib
Mingəçevir, 5 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Amerika Birləşmiş Ştatları və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində Mingəçevirdə ictimai şuraların yaradılması üzrə vətəndaş cəmiyyəti təmsilçiləri üçün iki günlük təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimlərin keçirilməsində əsas məqsəd qərarvermə prosesində mövcud ictimai iştirakçılıq imkanları haqqında məlumatlılığı artırmaqdır. Təlimdə çıxış edən ekspert-təlimçi, QHT üzvü Sahib Məmmədov qeyd edib ki, "İctimai İştirakçılıq" haqqında Qanunun qəbulu və onun Prezident İlham Əliyev tərəfindən icraya yönəldilməsi Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi üçün çox mühüm hadisədir. O, Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı, dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Bəzi qurumların hələ də ictimai şura yaratmadığını qeyd edən Sahib Məmmədov bu işdə ən aktiv orqanların Ədliyyə Nazirliyi və Dövlət Qulluğuna Qəbul üzrə Dövlət Komissiyası olduğunu bildirib.
Təlim iştirakçılarına “İctimai iştirakçılıq və ictimai nəzarətin zəruriliyi”, “İctimai İştirakçılıq: Qanunvericilik əsasları”, “İctimai iştirakçılığın Azərbaycan modeli: Əvvəlki təcrübə”, “İctimai şuralar və onların fəaliyyəti”, “İctimai şuraların təşkili”, “Seçki Komissiyasının vəzifələri” barədə geniş məlumat verilib.