REGİONLAR
Mingəçevirdə istedadlı gənc rəssamların “Ağ-qara” adlı rəsm sərgisi açılıb
Mingəçevir, 21 aprel, AZƏRTAC
Mingəçevir Turizm Kollecində “Ağ-qara” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə kollecdə dekorativ tətbiqi incəsənət və xalq sənəti ixtisası üzrə təhsil alan istedadlı tələbələrdən Vüqar Kərimov, Vəfa Qiyaslı və Lamiyə Məmmədovanın əsərləri nümayiş etdirilir.
Açılış mərasimində çıxış edən kollecin direktoru, professor Əyyub Əyyubov bildirib ki, Mingəçevir Turizm Kollecində istedadlı tələbələrin fəaliyyəti daim diqqətdə saxlanılır və onlara öz potensiallarını nümayiş etdirmək üçün geniş imkanlar yaradılır. Onlar müxtəlif ictimai tədbirlərin, yarış və müsabiqələrin fəal iştirakçılarıdır. Rəssamlıq qabiliyyəti ilə seçilən gənclər müxtəlif tədbirlərin bədii tərtibatında da iştirak edirlər. Tələbələrin bir neçə dəfə kollecdə və Mingəçevir şəhərindəki digər tədbirlərdə fərdi sərgiləri açılıb.
“Ağ-qara” adlı rəsm sərgisində tələbələrin yağlı boya ilə çəkdikləri əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar Azərbaycana məhəbbəti, azərbaycançılıq ideologiyasına sədaqəti, Vətənə bağlılıq ruhunu əks etdirən rəsm nümunələri barədə məlumat veriblər.
Sonra sərgi ilə tanışlıq olub.