REGİONLAR
Mingəçevirdə məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə işləri aparılır
Mingəçevir, 1 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Gənc Hüquqşünaslar İctimai Birliyi BMT-nin Qadınlar Fondu (UN Women) tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığından zərər çəkmiş qadınlar üçün həyat körpülərinin qurulması” layihəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, iki il müddətində davam edəcək layihənin əvvəlcə informasiya kampaniyası həyata keçirilir. Bu məqsədlə Mingəçevir şəhər Gənclər Evində “Məişət zorakılığı və bu zorakılığın qarşısının alınmasında kişilərin rolu” mövzusunda təlim keçirilib.
Tədbirdə çıxış edən sosioloq Cavid İmamoğlu məlumat verib ki, layihə “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”nda göstərilən hüquqi təminatların gənclər arasında təbliğatına töhfə verməklə, qanunun tətbiq olunmasına yardım edəcək.
Bildirilib ki, hüquqşünas və psixoloqların pulsuz məsləhətlər verməsi üçün tərəfdaşlar müəyyən edilib və onlara müvafiq məlumat verilib. Məişət zorakılığının qarşısının alınması ilə bağlı informasiya, psixoloji və hüquqi məsləhətlər verən mərkəz yaradılıb. Genderəsaslı zorakılığın daha əlaqəli və effektiv yolla qarşısının alınması üçün aidiyyəti qurumların məlumatlandırılması məqsədilə ölkəmiqyaslı informasiya kampaniyasına başlanılıb.