REGİONLAR
Mingəçevirdə narkomanlığa qarşı mübarizə ilə bağlı maarifləndirmə işləri genişləndirilib
Mingəçevir, 28 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Oktyabrın 28-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2012-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şəhərdə narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması ilə bağlı konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şəhərin təhsil və səhiyyə işçilərinin, polis və prokurorluq əməkdaşlarının, gənclərin iştirak etdiyi tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev, Respublika Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvləri Raqif Allahverdiyev və Şahin İsmayılov, Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Şahin Hüseynov çıxış ediblər.
Çıxışlarda dövrümüzün ən böyük problemlərindən biri olan narkomanlığa qarşı mübarizə tədbirlərindən danışılıb. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa səsləmək, ictimaiyyəti bu sahədə maarifləndirməkdir.
Tədbirdə şəhərdə qeydiyyatda olan narkotik istifadəçiləri sırasında yeniyetmə və gənclərin olmadığı, lakin buna baxmayaraq, narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edildiyi, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadları, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması barədə məlumatlar verilib. Bu sahədə əhali arasında maarifləndirmə işlərinin aparıldığı, mətbuatda məqalələrin dərc edildiyi bildirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən təlim-tərbiyə müəssisələrində, məktəblərdə müntəzəm olaraq aidiyyəti təşkilatlarla birlikdə maarifləndirmə işlərinin aparıldığı, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı tədbirlər görüldüyü qeyd edilib.
Sonda narkomanlığa həsr edilən “Hədəf” filmi nümayiş olunub, tədbir iştirakçılarına məlumatlandırıcı broşürlər paylanılıb.
Tədbirdə iştirakçıların təklifləri dinlənilib, suallara aydınlıq gətirilib.