REGİONLAR
Mingəçevirdə polis əməkdaşları peşə bayramlarını qeyd ediblər
Mingəçevir, 1 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində polis əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər Polis Şöbəsinin şəxsi heyəti və ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Şəhər polis şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov çıxış edərək, Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açıb. Bildirib ki, daxili işlər orqanları ictimai siyasi asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər göstəriblər. Birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən avarçəkmə yarışları zamanı ictimai təhlükəsizliyin təmin olunması işində şəhər polisinin də xüsusi xidmətləri olub.
Şöbə rəisi qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb. Polis əməkdaşlarının sosial müdafiəsi üçün mühüm addımlar atılıb. Mingəçevir şəhər Polis Şöbəsi üçün inşa edilən yeni inzibati bina ötən ay şəxsi heyətin istifadəsinə verilib. Məhz bütün bunlar polis əməkdaşlarını daha yaxşı işləməyə ruhlandırır, eyni zamanda, vətəndaşların rahatlığına xidmət edir. Ə.Bədəlov çıxışında şəxsi heyətə çətin və şərəfli peşələrində uğurlar arzulayıb, polis adının şərəfli ad olduğunu və hər bir polisi bu ada layiq olmağa səsləyib.
Tədbirdə iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov asayiş keşikçilərini peşə bayramı münasibətilə təbrik edib. O qeyd edib ki, dövlətçiliyimizə sədaqətlə xidmət edən Azərbaycan polisi bu gün qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.
Tədbirdə hüquq mühafizə orqanlarının rəhbərləri, polis veteranları da çıxış edərək, gənc polislərə öz tövsiyələrini veriblər.
Sonda bir qrup polis əməkdaşına fəxri fərman və hədiyyələr təqdim olunub.