REGİONLAR
Mingəçevirdə qadınlar reproduktiv sağlamlıqla bağlı maarifləndiriliblər
Mingəçevir, 30 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində “Qadın reproduktiv sağlamlığının sirləri” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər 10 saylı tam orta məktəbdə təşkil olunan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” İctimai Birliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, səhiyyə işçiləri, şəhərin fəal qadınları, gənc qızlar iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, “Qadın reproduktiv sağlamlığının sirləri” layihəsinin həyata keçirilməsində əsas məqsəd uşaq dünyaya gətirəcək qadını sağlam yetişdirməkdir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova çıxış edərək, qadınlara yeniyetmə yaşlarından orta yaş dövrünə qədər həyatda atacaqları addımların düzgün seçilməsinin əhəmiyyətindən danışıb. Mütəxəssis vaxtından tez ailə qurma, ana olma və digər mövzulara toxunub. L.Məmmədova qadınların sağlamlığının qorunmasını cəmiyyət üçün əhəmiyyətli olduğunu bildirib və dəyərli tövsiyələr verib.
Tədbirdə ginekologiya və perinatologiya sahələrində mövcud olan aktual problemlərdən danışılıb, faktlar göstərilib, problemlərin həlli yolları müzakirə edilib.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova tədbirdə iştirak edən qadınları maraqlandıran suallara cavab verib.