REGİONLAR
Mingəçevirdə tələbələrin narkomaniya və alkoqolizmlə mübarizəyə dair elmi konfransı keçirilib
Mingəçevir, 25 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Turizm Kollecində “Narkomaniya və alkoqolizmlə mübarizə“ mövzusunda tələbələrin elmi konfransı olub.
AZƏRTAC xəbər verir ki, kollecin Heydər Əliyev adına ideoloji mərkəzində Mingəçevir Dövlət Universitetində və Tibb Kollecində təhsil alan tələbələrin də iştirakı ilə keçirilən tədbirdə çıxış edən təhsil ocağının direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov tələbələrin elmi yaradıcılığa meylini yüksək qiymətləndirib. O qeyd edib ki, elmi-yaradıcı axtarışlar tələbələrə ixtisaslarını daha dərindən öyrənmək, biliklərini artırmaq və dünyagörüşlərini genişləndirmək istiqamətində mühüm rol oynayır.
Professor Əyyub Əyyubov belə elmi konfransların mövzu dairəsinin genişləndirilməsini, turizm və otelçilik üzrə ayrı-ayrı maraqlı və aktual məsələlərə həsr olunmuş elmi-nəzəri konfranslar təşkil etməyi tövsiyə edib.
Konfransda Tibb Kollecinin tələbəsi Ayşə Qaraməmmədli “Zərərli vərdişlər”, Mingəçevir Dövlət Universitetin tələbəsi Pəricahan Cabbarlı “Qazanılmış immun çatışmazlığı sindromu xəstəliyinin yoluxma mənbələri”, Mingəçevir Turizm Kollecinin tələbələri - Sevinc Daşdəmirova “Toksikomoniya xəstəliyi”, Aşur Həşimov “Ağ ölüm” və Nazilə Qarayeva “Narkomaniya ilə mübarizə” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda qeyd edilib ki, Mingəçevir Turizm Kollecinin istedadlı tələbələri fəal şəkildə dərsdənkənar ictimai tədbirlərə qoşulur, özfəaliyyət qrupunun işində iştirak edir, şəhər miqyasında keçirilən müxtəlif debat və diskussiyalarda fəallıq göstərirlər. Kollec rəhbərliyi tələbələrin yaradıcı potensialından daha dolğun istifadə etmək üçün onların iştirakı ilə elmi-nəzəri konfransların təşkil olunması təklifini irəli sürüb və bu barədə qərar qəbul olunub. Vurğulanıb ki, ilk konfrans bir neçə gün əvvəl “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna həsr olunmuşdu.