REGİONLAR
Mingəçevirdə uşaq bağçaları arasında keçirilən “Şən startlar” yarışı başa çatıb
Mingəçevir, 3 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Şən startlar” idman yarışı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin yuxarı yaş (2011-2012-ci il) qruplarındakı uşaqlar arasında təşkil edilən “Şən startlar” idman yarışının keçirilməsində əsas məqsəd uşaqların bir-biri ilə dostluq əlaqələrinin gücləndirilməsi, fiziki güc və bacarıqlarının nümayiş etdirilməsi və cəmiyyətdə sağlam vətəndaş kimi formalaşmasına stimul vermək olub.
Yarışda şəhərin 21 məktəbəqədər tərbiyə müəssisəsi 5 yarımqrupda, hər biri 5 idmançı ilə mübarizə aparıb. Əsasnaməyə uyğun olaraq beş ayrı-ayrı idman növlərində güclərini sınayan azyaşlılar yarımfinal mərhələsinə vəsiqə qazanmaq üçün yarışıblar. Final görüşündə daha güclü olan 10 saylı uşaq bağçası I yer, 1 saylı uşaq bağçası II yer, 6 saylı uşaq bağçası III yeri tutublar.
Komandalara şəhər gənclər və idman idarəsinin fəxri fərman və hədiyyələri təqdim edilib.