REGİONLAR


Mingəçevirdə və Göyçayda keçirilən konfransda Milli Qurtuluş Gününün ictimai-siyasi, tarixi əhəmiyyətindən danışılıb

Göyçay, 16 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqını üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə məruz qoyan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya qayıdaraq Milli Qurtuluş tariximizin başlanğıcını yazıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Mingəçevir Turizm Kollecində keçirilən “Ulu öndər Heydər Əliyev Azərbaycanın və xalqımızın xilaskarıdır” adlı elmi-nəzəri konfransda səsləndirilib. Konfransda dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub. Kollecin direktoru, professor Əyyub Əyyubov çıxış edərək bildirib ki, hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və tarixi faktlar olur. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Ə.Əyyubov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb, xalqımız yaşadıqca Heydər Əliyevin də yaşayacağını qeyd edib. Bildirilib ki, Ulu Öndərin keçdiyi çətin və şərəfli yol bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kollec rəhbəri dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi, regionların inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıb.

Daha sonra konfransda ”Dahi şəxsiyyət, xilaskar lider”, “15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış səhifədir”, “15 İyun - Milli Qurtuluş Gününün tariximizdə əhəmiyyəti” və “Milli Qurtuluş Azərbaycanın tarixi nailiyyətlərini və müstəqilliyini təmin etdi” mövzularında məruzələr dinlənilib.

Sonra konfrans tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb. Tələbələr müasir müstəqil Azərbaycana, Vətənə, rəhbərə həsr edilən şeirlər söyləyib, mahnılar oxuyublar.

***

Milli Qurtuluş Günü ilə bağlı daha bir konfrans Göyçay Mədəniyyət Mərkəzində təşkil olunub.

Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək Milli Qurtuluş Gününün tarixi haqqında geniş məlumat verib. Bildirib ki, xalqın və zamanın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan məhv olmaq təhlükəsindən xilas edilib. İndiki müasir və güclü Azərbaycan ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin məntiqi nəticəsidir.

Konfransda “Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi”, “Tarixi şəxsiyyət Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir”, “Müasir, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir”, “Azərbaycanın müasir dövrdə əldə etdiyi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xəttin uğurlu davamının nəticəsidir” mövzusunda məruzələr dinlənilib.

Göyçaylı gənclər Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, həyata keçirəcəyi bütün işlərdə dövlətimizin başçısına dəstək olacaqlarını vurğulayıblar.

Sonra rayon mədəniyyət evinin instrumental ansamblı və yerli müğənnilər şən mahnılar ifa edib, məktəblilər müasir müstəqil Azərbaycana, Vətənə, dahi rəhbərə həsr edilən şerlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.