CƏMİYYƏT
Mingəçevirdə və Yevlaxda icbari tibbi sığorta ilə bağlı səyyar kurslar təşkil olunacaq
Bakı, 14 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin göstərişi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ailə təbabəti kafedrası oktyabrın 17-dən başlayaraq icbari tibbi sığortanın tətbiqi ilə bağlı yerli mütəxəssislər üçün üçhəftəlik səyyar kurslar keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kurslara bütün kafedralardan əməkdaşlar cəlb olunacaqlar. Proqrama uyğun olaraq onlar Yevlax rayonunda və Mingəçevir şəhərində mühazirələr oxuyacaq, praktiki məşğələlər aparacaqlar. İmtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərə müvafiq sertifikatlar veriləcək.
Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə hazırlıq işləri gedir. Artıq tələb olunan bütün qanunvericilik aktları qəbul edilib. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparılan araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib. Pilot layihənin tətbiqində məqsəd əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.