MƏDƏNİYYƏT
Mingəçevirdə xidmət sahəsi üzrə təlim-tədris kursları davam edir
Bakı, 6 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, ölkəmizdə təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq məqsədilə Mingəçevir şəhərindəki Gənclər Evində xidmət sahəsi üzrə təlim-tədris kursları təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, kurslara Mingəçevir, Gəncə və Naftalan şəhərindən olan mehmanxana əməkdaşları da daxil olmaqla, ümumilikdə 100 nəfər dinləyici cəlb edilib. Təlim-tədris kurslarında əsasən 4 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir.
Təlim-tədris kursları çərçivəsində martın 6-da Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müəllim heyəti ilə Mingəçevir Turizm Kollecində görüş keçirilib.
Martın 10-da kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.
Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlıq çərçivəsində 10 ildən artıqdır ki, respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur.
Avropa Oyunlarına gələcək idmançılara və qonaqlara ümumilikdə turistlərə yüksək xidmət göstərmək məqsədilə Mingəçevir təlimlərindən sonra aprel ayında mehmanxana əməkdaşları üçün Bakı şəhərində bu istiqamətli təlimlərin keçirilməsi planlaşdırılır.