REGİONLAR
Mingəçevirdə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə tədbir keçirilib
Mingəçevir, 26 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevirdə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv təhsilinin inkişafı gələcəyin yoludur” layihəsinin icrası başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkil etdiyi əyləncəli tədbirdə əvvəlcə sağlamlıq imkanları məhdud olan uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra layihənin rəhbəri Dilşad İlyasova çıxış edərək bildirib ki, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili, onlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsi, regionlarda bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən ibarətdir.
Layihə rəhbəri xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadının üzə çıxarılması məqsədi ilə Mingəçevir şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzində rəsm, bacarıqlı əllər, qiraət və mahnı müsabiqələri keçirilib, onların əl işlərindən ibarət sərgi təşkil olunub. Könüllülərin və valideynlərin maarifləndirilməsi məqsədilə “dəyirmi masa”lar, müzakirə və təlimlər keçirilib. Mingəçevir şəhərində yaşayan xüsusi qayğıya ehtiyacı olan 18 yaşınadək uşaqlar, onların valideynləri, müxtəlif ali və orta ixtisas məktəblərinin könüllüləri, sosial xidmət üzrə təcrübəsi olan QHT-lər və ərazidə çalışan mütəxəssislər də layihədən xeyli fayda əldə ediblər.
Tədbirdə sağlamlıq imkanları məhdud olan və aztəminatlı ailələrin övladları şeir və şən musiqilər səsləndirib, rəqs və kiçik tamaşalar nümayiş etdiriblər. Daha sonra “Mingəçevir qrupu”nun ifasında musiqi nömrələri səslənib.
Tədbirin sonunda fəallara diplom və hədiyyələr təqdim olunub.