REGİONLAR


Mingəçevirdə yüngül sənaye müəssisələri yaradılacaq

A+ A

Mingəçevir, 12 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevir şəhərində sənaye potensialının artırılması, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı görülən işlər bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Artıq bununla bağlı lazımi tədbirlər görülür. Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Bu il Mingəçevir şəhərində yüngül sənaye kompleksinin təməli qoyulmalıdır. Bu, Mingəçevirdə işsizlik problemlərinin həllinə çox müsbət təsir göstərəcək və biz çox böyük, yeni sənaye mərkəzini yaradacağıq. Mingəçevirdə bir neçə böyük sənaye müəssisəsinin tikintisi nəzərdə tutulur. Burada da yüngül sənaye inkişaf edəcək. Yaxın zamanlarda minlərlə iş yeri açılacaqdır. İlk növbədə bu müəssisələrin inşası zamanı və ondan sonra həmin müəssisələrdə işləyəcək insanların sayı minlərlə ölçüləcək. Beləliklə, biz yeni sənaye mərkəzi yaradacağıq və insanları işlə təmin edəcəyik. Bu ilin sonuna qədər artıq birinci müəssisənin təməl daşı qoyulmalıdır və əminəm ki, qoyulacaqdır”.

Mingəçevir Sənaye Parkında yeni istehsal müəssisələrinin inşasına hazırlıq işləri görülür

AZƏRTAC-ın müxbiri bu istiqamətdə görüləcək işlərlə maraqlanıb. Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, bununla əlaqədar şəhərdəki köhnə toxuculuq fabrikinin 14,8 hektar ərazisi Mingəçevir Sənaye Parkına verilib. Həmin fabrikin ərazisində aparılan söküntü işləri başa çatdırılıb və yeni istehsal müəssisələrinin inşasına hazırlıq tədbirləri görülür. Bunun ardınca ərazidə yüngül sənaye müəssisələrinin yaradılmasına başlanılacaq. Həmin sənaye kompleksində rəqabət qabiliyyətli məhsulların istehsalı planlaşdırılır. Mingəçevir Sənaye Parkında mahlıc, iplik, toxuculuq, boyama, tikiş və digər sahələr üzrə müəssisələr yaradılacaq. İstehsal obyektlərində 2 mindən çox insan işlə təmin olunacaq. Yaradılacaq müəssisələrin ilkin dəyəri 100 milyon manatdır və bu layihələrin müəyyən hissəsi İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Yüksək Texnologiyalar Parkında innovativ məhsullar və yüksək texnologiyalar hazırlanacaq

Bundan başqa, Mingəçevirdə iqtisadiyyatın inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlər sırasında Yüksək Texnologiyalar Parkının yaradılması layihəsi də var. Mingəçevir şəhərində 1,3 hektar ərazidə qurulacaq parkda innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, eyni zamanda, onların nəticələrinin tətbiqi mümkün olacaq. Görülən işlər Mingəçevirdə sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılmasına, eyni zamanda, yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.