REGİONLAR


Mingəçevirə şəhər statusunun verilməsindən 68 il keçir

A+ A

Mingəçevir, 11 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Su elektrik stansiyasının inşası ilə əlaqədar salınan Mingəçevir şəhərinin 68 yaşı tamam olur. Əsası 1945-ci ildə qoyulan, 1948-ci il noyabrın 11-də isə şəhər statusu verilən Mingəçevir zəhmətkeş insanların əməyi sayəsində gündən-günə inkişaf edərək qocaman bir şəhərə çevrilib. Hazırda respublikamızın iri sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhəri bugünkü görkəmi üçün onun təməlini qoyan və bu işdə fəal iştirak edən insanlara borcludur.

Mingəçevirə 1948-ci ildə şəhər statusu veriləndən sonra buraya yaşamaq üçün gələnlərin sayı ildən-ilə artıb. Sənaye obyektlərinin inşası isə şəhərin ölkəmizin ən iri sənaye mərkəzlərindən birinə çevirilməsinə səbəb olub. 1950-ci ildən sonra burada əhalinin sayı xeyli çoxalıb. 68 il əvvəl bünövrəsi qoyulmuş bu şəhər çox qısa müddətdə ölkə sənayesinin inkişafına dəyərli töhfələr verib. Bu illər ərzində şəhər gündən-günə böyüyüb, ilbəil dəyişib və insanların əməyi sayəsində qocaman bir şəhər olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 11-də Mingəçevir Dövlət Dram Teatrında “şəhər günü” qeyd edilib. Tədbirə şəhər rəhbərliyi və paytaxtdan gələn qonaqlar da qatılıblar. Əvvəlcə Mingəçevirin dünəni, bu günü ilə bağlı videoçarx nümayiş olunub. Şəhərə gələn qonaqlar çıxış edərək Mingəçevirin gözəlliyinə vurğun olduqlarını bildiriblər. Qeyd ediblər ki, şəhərə hər səfərlərində yeniliklərlə qarşılaşırlar. Bu gün də Mingəçevirin bayram libasında olduğunu deyən qonaqlar mingəçevirliləri şəhər günü münasibətilə təbrik ediblər. Beləcə, Mingəçevir çal-çağırla, toy-büsatla daha bir yaş da böyüyür, inkişaf edir.

Tədbirdə şəhərin qurulmasında zəhməti olan insanlardan söz açılıb, onların əməyi xüsusilə qeyd edilib. Məlumat verilib ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarından Mingəçevir Su Elektrik Stansiyasının inşası işlərinə 20 minədək insan cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri Mingəçevirə, postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsi ilə əlaqədar qurulub və 1948-ci ildə ona şəhər statusu verilib. Mingəçevir su anbarı 1953-1959-cu illərdə su ilə doldurulub. Anbarın su tutumu 16070 milyon kubmetrdir. Dəryaçanın uzunluğu 70 kilometr, eni 13-18 kilometrdir. Su anbarının tikilməsi və su mənbəyini ondan götürən Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaradıb, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırıb.

Daha sonra teatrın aktyorlarının ifasında Mingəçevirin ilk qurucuları olan insanlardan bəhs edən tamaşa göstərilib. Sonra isə respublikanın tanınmış müğənnilərinin ifasında rəngarəng konsert proqramı olub. Mingəçevirin yerli müğənniləri də öz töhfələrini oxuduqları şən mahnılarla tamaşaçılara çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.