REGİONLAR


Mingəçevirlilər yaşadıqları binaları özləri idarə edəcəklər

A+ A

Mingəçevir, 6 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

“Mingəçevir Valideynlər Assosiasiyasi” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” layihəsi çərçivəsində seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən layihə rəhbəri, İB-nin rəhbəri Fərman Nəbiyev hazırda Mingəçevir bələdiyyəsinin köməyi ilə məhəllələrdə binaların yerli idarəetməyə verilməsi ilə bağlı yığıncaqlar keçirildiyini bildirib. Qeyd olunub ki, indiyədək 10 məhəllədə seminarlar təşkil olunub, icmanın səfərbərliyə alınması istiqamətində işlər görülüb. Yaxın günlərdə sahə mülkiyyətçilərinin və fəal insanların iştirakı ilə ümumşəhər toplantısı keçiriləcək, qazanılan təcrübə yerli televiziya vasitəsilə yayımlanacaq. Fərman Nəbiyev bildirib ki, yerli insanların yaşadıqları binaların idarə edilməsinə cəlb olunması məqsədilə həyata keçirilən bu layihə, həm də digər rayonlardakı bələdiyyələr və məhəllə komitələri üçün təcrübə qazanmaq imkanı yaradacaq.

Layihənin eksperti, Mingəçevir bələdiyyəsinin üzvü və “Yerli sosial məsələlər” daimi komissiyasının sədri Zahid Qasımlı mənzil hüquqları və onun əsasları, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın idarəetmə üsulunu seçməsi, mənzil-tikinti kooperativləri üzvlərinin hüquqları, çoxmənzilli binanın yalnız bir idarəedici təşkilat tərəfindən idarə olunması, onun saxlanma xərcləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. O, dövlətin bu məsələdə maraqlı olduğunu deyib: “Dövlət binaları əsaslı təmir etdirib əhalinin idarəsinə verəcək. Bundan sonra əhali binaların idarəsini öz üzərinə götürməlidir. Başqa ölkələrdə, son vaxtlar isə Bakının Binəqədi rayonunda bu üsul tətbiq olunur. Mənzillərin mülkiyyətçilərin müştərək müəssisəsi tərəfindən idarə olunması 2009-cu ildə qəbul olunmuş Mənzil Məcəlləsinin tələbindən irəli gəlir”.

Zahid Qasımlı sahə mülkiyyətçilərinin ümumi əmlakı olan çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi barədə danışıb: “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Birinci halda sahə mülkiyyətçiləri yığıncaq vasitəsilə binaya aid qərarlar qəbul edə bilərlər. İkinci halda isə yığıncağa toplaşanlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini təşkil edirlər. Bu zaman hüquqi şəxs yaradılır və o, Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Əgər hər iki hal baş tutmazsa, onda yerli bələdiyyənin təşəbbüsü ilə mövcud binaların idarə olunması üçün kənar təşkilat seçiləcək”.

Tədbirdə mənzil mülkiyyətçiləri öz binalarını yığıncaq vasitəsilə idarə etməyə maraqlı olduqlarını bildiriblər. Onlar binaların əsaslı təmirdən sonra onların sərəncamına verilməsi barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.