DÜNYA
“Mini-univer” asudə vaxt mərkəzi sentyabrın 1-də işə başlayacaq
Minsk, 12 avqust, AZƏRTAC
A.S.Puşkin adına Brest Dövlət Universiteti (BrDU) yanında uşaqlar üçün “Mini-univer” asudə vaxt mərkəzi sentyabrın 1-də fəaliyyətə başlayacaq. AZƏRTAC xəbər verir ki, universitetin elmi işlər və iqtisadiyyat üzrə prorektoru Aleksandr Budko bu barədə BELTA agentliyinə müsahibə verib.
A.Budko bildirib ki, ibtidai məktəb şagirdləri (1-4-cü siniflər) üçün nəzərdə tutulan mərkəzdə dərsdən sonra uşaqların asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılıb. Mahiyyət etibarilə bu Mərkəz universitet nəzdində uzadılmış gün qrupudur. Burada zəngin iş təcrübəsinə malik olan yüksək ixtisaslı müəllimlər, pedaqogika və psixologiya üzrə elmlər namizədləri aşağı sinif şagirdləri ilə məşğul olacaq. Uşaqlarla məşğələlərə mərkəzdə pedaqoji praktika keçən tələbələri də cəlb etmək nəzərdə tutulur.
Asudə vaxtın innovasiyalı təşkili proqramına inkişafetdirici oyunlar, psixoloji treninqlər və xarici dil dərsləri də daxildir. Uşaqları riyaziyyat və məntiq elementləri, kompyuter savadının əsasları üzrə interaktiv məşğələlər, habelə yaradıcılıq emalatxanasında və teatr studiyasında məşğələlər gözləyir. Bundan əlavə, valideynlərin öz uşaqları üçün pedaqoqların və psixoloqların köməyi ilə fərdi inkişafetdirici marşrut tərtib etməsinə imkan yaradılacaq. Riyaziyyat, dil və oxu fənləri üzrə məşqlər də təşkil edilə bilər. Mərkəz Puşkin küçəsində yerləşən tələbə yataqxanası bazasında yaradılıb.
Prorektor deyib: “Buradakı məşğələlərin məqsədi uşaqların vaxtını sadəcə nəzarət altında keçirməkdən ibarət olmayacaq. Hərçənd, bu da vacibdir, çünki şəhərdə uzadılmış gün qrupları azdır. Mərkəzin fəaliyyəti uşaqları inkişaf etdirməyə istiqamətləndirilib. Mahiyyət etibarilə bu yenilik uşaqların inkişafına, onların təhsilinə investisiya deməkdir. Ümid edirik ki, bu xidmətlərə tələbat olacaq. Xüsusən ona görə ki, uşaqların burada məşğul olması xərcləri orta gəlirli valideynlər üçün münasibdir. Artıq şəhərin məktəblərinə məlumat göndərmişik və maraqlanan valideynlər bizə zəng edirlər”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk