DÜNYA
Minsk vilayətində ucqar seçki dairələrinə avtodükanlar göndəriləcək
Minsk, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də, Belarusda prezident seçkiləri günündə Minsk vilayətindəki ucqar seçki dairələrində avtodükanlar işləyəcək.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Minsk Vilayət İcraiyyə Komitəsinin Ticarət və Xidmətlər İdarəsinin rəis müavini İrina İvanoviç deyib: “Bəzi dairə seçki komissiyalarının sədrləri stasionar mağazalar olmayan ucqar yaşayış məntəqələrindəki seçki dairələrinə əlavə avtodükanlar göndərilməsi arzusunu bildiriblər”.
Paytaxt regionunun qapalı seçki dairələri müstəsna olmaqla bütün dairələrdə alış-veriş əməliyyatları aparılacaq. 1050 ticarət obyekti, o cümlədən 589 bufet 461 pərakəndə satış obyekti işləyəcək.
İ.İvanoviç deyib: “Geniş çeşidli ərzaq malları və ictimai iaşə məhsulları təqdim ediləcək. Seçicilər bayramsayağı, təntənəli şəkildə tərtib edilmiş kulinariya, qənnadı və un məmulatı, vilayətin istehsalçı müəssisələrindən göndərilən ət və süd məhsulları, digər mallar ala biləcəklər. İctimai iaşə məntəqələrində Belarus milli mətbəxinin xörəkləri və içkilər, kvas, müxtəlif otlardan hazırlanmış çay və başqa məhsullar təklif olunacaq”.
Paytaxt regionundakı səsvermə məntəqələrində dequstasiya, satış-sərgi və reklam aksiyalarının keçirilməsi planlaşdırılır.
Bu malların satışı zamanı aşağı ticarət əlavələri tətbiq ediləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk