DÜNYA
Minskdə BELTA-nın “Suveren Belarus: nailiyyətlər dövrü” adlı fotosərgisi açılıb
Minsk, 3 sentyabr, AZƏRTAC
Minskin “Moskva” kinoteatrında Belarus Teleqraf Agentliyinin (BELTA) “Suveren Belarus: nailiyyətlər dövrü” adlı fotosərgisi açılıb.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, sərgidə 50 fotoşəkil nümayiş etdirilir. Ölkənin 25-30 il əvvəl necə yaşadığını göstərən 25 fotoşəkil ağ-qara fonda, müasir belarusluların necə yaşadığını əks etdirən 25 fotoşəkil rəngli fonda təqdim olunub.
BELTA-nın baş direktoru Dmitri Juk deyib: “İnsanın yaddaşı elə qurulub ki, zamanla hansısa detallar silinib gedir. Fotoşəkillər isə onları xatırlamağa və ümumi mənzərəni yenidən canlandırmağa imkan verir. Bu fotoişlər ölkəmizdəki dəyişikliklərin real miqyasını qiymətləndirməyə çox yaxşı kömək edir. Biz bu layihəni əsasən gənc auditoriya üçün nəzərdə tutmuşuq”.
Sərgi agentliyin fotomüxbirlərinin arxiv və müasir işlərinin kontrastı nəticəsində son 20 ildə Belarusda baş verən dəyişiklikləri göstərir. Tədbirə gələnlər köhnə və yeni şəkilləri müqayisə edərək, sənaye və kənd təsərrüfatının, nəqliyyat infrastrukturunun, elm, təbabət və silahlı qüvvələrin keçdiyi inkişaf yolunu görə bilərlər. Son illərin fotoşəkilləri respublikanın haqlı olaraq qürur duya biləcəyi nailiyyətlərin qazanıldığı sahələri əks etdirir.
Ekspozisiya Minskdə oktyabrın 16-dək göstəriləcək. Onun səyyar versiyası Belarus Ədəbi Abidələr Günü Şuçinə yola düşəcək. Daha sonra sərgi ölkənin bütün mərkəzi vilayətlərində nümayiş olunacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk