DÜNYA
Minskdə “Belarusda KİV” adlı XIX beynəlxalq ixtisaslaşdırılmış sərgi keçirilir
Minsk, 5 may, AZƏRTAC
AZƏRTAC artıq xəbər verdiyi kimi, Belarusun paytaxtında Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70 illiyinə həsr olunmuş “Belarusda KİV” adlı beynəlxalq ixtisaslaşdırılmış sərgi keçirilir. Tədbir mayın 5-dən 7-dək “Söz sülhə xidmət edir” şüarı altında keçiriləcək.
Belarus Teleqraf Agentliyinin (BELTA) sərgidə təşkil olunmuş “Böyük Qələbənin mərhələləri” stendlərində raritet fotoşəkillər nümayiş etdirir. AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün BELTA-nın vizual informasiya redaksiyasının baş redaktorunun müavini Vladimir İvanitski deyib.
Belarus dövlət agentliyinin “Böyük Qələbənin mərhələləri” sərgisinə daxil olan 52 fotoşəklin əksəriyyəti sərgi formatında ilk dəfə nümayiş etdirilir. Bunlar informasiya agentliyinin, o cümlədən tanınmış hərbi müxbirlərin arxivindən götürülmüş raritet ağ-qara fotoşəkillər, az məlum olan kadrlar, habelə Belarus Teleqraf Agentliyinin indiki əməkdaşlarının rəqəmsal rəngli foto işləridir.
Qeyd etmək lazımdır ki, “Belarusda KİV” adlı sərginin proqramı, ümumiyyətlə, çox zəngindir: Belarusun, Rusiyanın, başqa ölkələrin aparıcı jurnalistlərinin və media mütəxəssislərinin iştirakı ilə “dəyirmi masa”lar, seminarlar və ustad dərsləri, “Millətlərarası və konfessiyalararası münasibətlərə dair məsələlərin işıqlandırılmasında KİV-lərin rolu”, “Gələcəyin fotojurnalistikası: yeni trendlər” adlı dialoqlar, Belarusun aparıcı KİV-lərinin nümayəndələrinin iştirakı ilə “Belarusun yeni mediaları” mövzusunda seminar və digər tədbirlər keçiriləcək.
Bu gün axşam mətbuat orqanlarının “Qızıl liter” XI milli müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olacaq, mayın 6-da isə “Belarus fotosu” birinci respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk