SİYASƏT
Minskdə MDB Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası keçiriləcək
Minsk, 7 iyul, AZƏRTAC
İyulun 14-də Minskdə MDB-nin iştirakçısı olan ölkələrin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək.
Birliyin mənzil-qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edəcək.
Daimi səlahiyyətli nümayəndələr 1995-ci ildə yaradılan Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyətini müzakirə edəcəklər.
Hazırda Azərbaycan (AZƏRTAC), Belarus (BelTA), Qazaxıstan (“Kazinform”), Qırğızıstan (“Kabar”), Moldova (“Moldpres”), Rusiya (TASS), Tacikistan (“Xovar”) və Ermənistan (“Armenpress”) dövlət informasiya agentliklərinin rəhbərləri MDB İnformasiya Şurasının üzvləridir.
MDB İnformasiya Şurasının sədri TASS-ın baş direktoru Sergey Mixaylovdur.
İnformasiyanın maneəsiz yayılması üçün daha əlverişli şəraitin yaradılmasına dair tövsiyələrin işlənib hazırlanması, peşə fəaliyyəti ilə bağlı təcrübə mübadiləsinin təşkil edilməsi, MDB ölkələrinin informasiya telekommunikasiyalarının və əlaqələrinin inkişafına dəstək göstərilməsi, informasiya mübadiləsinin normativ-hüquqi aktlarla tənzimlənməsi üzrə təkliflərin hazırlanması Şuranın əsas vəzifələri sayılır.
Şuranın iştirakı ilə Birliyin informasiya məkanının yaradılması Konsepsiyası işlənib hazırlanıb.
2004-cü ildə MDB-nin iştirakçısı olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANIA) təsis edilib. Assosiasiya mübadilə materiallarının səviyyəsinin və səmərəliyinin artırılmasına, informasiya axınında balansın təmin olunmasına və Birlik ölkələrinin həyatı ilə əlaqədar obyektiv informasiyanın operativ yayılmasında agentliklərin səylərinin birləşdirilməsinə kömək etmək məqsədi daşıyır. 2009-cu ildə MDB İnformasiya Şurası İnternet-portalın yaradılmasında iştirak edib.
Birlik ölkələrinin informasiya agentlikləri bir-biri ilə təkcə MDB İnformasiya Şurası və ANIA çərçivəsində deyil, həm də ikitərəfli əsasda fəal əməkdaşlıq edir, informasiya materiallarının mübadiləsini apararaq, dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin səfərlərinin, müxtəlif dövlətlərarası aksiyaların və tədbirlərin işıqlandırılmasını təmin edirlər.
MDB İnformasiya Şurası informasiya agentliklərinin yeni media texnologiyaları mənimsəməsi və onların geniş tətbiqi şəraitində bir-biri ilə qarşılıqlı fəaliyyətdə olması məsələlərinin nəzərdən keçirilməsini əsas vəzifələrindən biri sayır. MDB İnformasiya Şurası 2015-2016-cı illərdə MDB-nin 25 illiyinə və birliyin iştirakçısı olan dövlətlərin tarixində digər əlamətdar hadisələrə həsr olunmuş layihələr hazırlamağı və onları həyata keçirməyi planlaşdırır.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri İnformasiya Şurasının fəaliyyəti barədə informasiyanı dinləyəndən sonra onun daha da təkmilləşdirilməsinə dair mümkün tədbirləri müzakirə edəcəklər.
Bundan əlavə, daimi səlahiyyətli nümayəndələrə MDB Hökumət Başçıları Şurasının bu il oktyabrın 30-da Düşənbədə nəzərdə tutulan iclasının gündəliyi layihəsinə təkliflər təqdim olunacaq.
Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında oktyabrın 11-nə nəzərdə tutulan Belarus Respublikasının prezidenti seçkilərində MDB müşahidəçilər missiyasının başçısı haqqında məsələni də müzakirə etmək planlaşdırılır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk