SİYASƏT


Minskdə MDB-nin 25 illiyinə həsr olunmuş Beynəlxalq konfrans başa çatıb

A+ A

Minsk, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Belarusun paytaxtında “Müstəqil Dövlətlər Birliyinin 25 ili: yekunlar, perspektivlər” mövzusunda Beynəlxalq elmi–praktik konfrans başa çatıb. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat veriblər.

Konfransın ikinci iş günü Birliyin İcraiyyə Komitəsində plenar iclas olub.

Əvvəlcə tədbir iştirakçılarının məruzələri dinlənilib.

Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Birlik ölkələrinin seçkilər sahəsində qarşılıqlı fəaliyyəti barədə məlumat verərək bildirib ki, MDB çərçivəsində fəaliyyət göstərən və bu il 15 yaşı tamam olan müşahidə təsisatı Birliyin ən səmərəli layihələrindən biridir, fəaliyyətinin möhkəm və perspektivli istiqamətidir. MDB ölkələrinin müşahidə missiyalarının yüksək səviyyəli tərkibi, böyük təcrübəsi, dövlətlərin seçki məcəllələrinin əsaslı təhlili həmin missiyaların nüfuzunu artırır, başqa missiyaları onların dəlil və rəyləri ilə hesablaşmağa məcbur edir.

“Moskva Energetika İnstitutu” Milli Tədqiqat Universitetinin elmi iş üzrə prorektoru Tatyana Stepanova çıxışında MDB ölkələrinin əməkdaşlığının möhkəmlənməsində elm və təhsil təşkilatlarının rolundan danışıb. MDB-nin Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin Birlik ölkələrində statistikanın ən mühüm istiqamətlərindən söz açıb. O, Bişkek sammitində 2020-ci ildə MDB ölkələrində əhalinin siyahıya alınmasının keçirilməsi haqqında qərarın qəbul edilməsinin əhəmiyyətini də vurğulayıb.

İqtisadi Məhkəmənin sədri Lyudmila Kamenkova başçılıq etdiyi qurumun Birlik ölkələrində hüquqi vektorun inkişafına töhfəsindən söz açaraq qeyd edib ki, strukturunda mükəmməl məhkəməsi olan beynəlxalq qurum nüfuzlu təşkilat sayılır.

Plenar iclasda MDB ölkələrinin atom enerjisindən dinc məqsədlərlə istifadə olunması, innovativ iqtisadiyyat üçün kadrların hazırlanması, Birlik ölkələri çərçivəsində vahid hüquqi məkanın formalaşdırılması üzrə fəaliyyətinin perspektivləri də müzakirə edilib.

Qeyd edək ki, forumun işində Birlik ölkələrindən, o cümlədən Azərbaycandan təqribən 250 nümayəndə iştirak edib. Konfransda MDB-nin bütün fəaliyyət spektrini əhatə edən 100-dən çox çıxış dinlənilib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.