SİYASƏT
Minskdə MDB-nin iştirakçı olan dövlətlərin Dəmiryol Nəqliyyatı Şurasının iclası keçirilib
Minsk, 22 may, AZƏRTAC
Mayın 20-21-də Belarus paytaxtında MDB-nin iştirakçı olan dövlətlərinin Dəmiryol Nəqliyyatı Şurasının 62-ci iclası keçirilib. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.
İclasda MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev iştirak edib.
Şuranın üzvləri əvvəlki iclasın qərarlarının yerinə yetirilməsinin gedişini, 2014-cü ildə və 2015-ci ilin birinci rübündə beynəlxalq nəqliyyatda dəmiryol şəbəkəsinin və sərnişin kompleksinin istismarının yekunlarını müzakirə ediblər.
2015-2016-cı il üçün qatarların normativ hərəkət cədvəlinin işlənib hazırlanması, 2014-cü ildə və 2015-ci ilin birinci rübündə dəmiryol idarələri arasında qarşılıqlı hesablaşmaların vəziyyəti müzakirə edilib.
İclasda 2014-cü ildə konteynerlərin inventarizasiyasına yekun vurulub, 2015-ci ildə yük vaqonlarının inventarizasiyasına hazırlıq müzakirə olunub.
2014-cü ildə MDB-nin iştirakçısı olan dövlətlərin dəmiryol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası haqqında MDB Hökumət Başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixli qərarının yerinə yetirilməsinin gedişatı barədə məlumat dinlənilib, bir sıra maliyyə məsələləri nəzərdən keçirilib.
Şuranın iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan, habelə Bolqarıstan, Gürcüstan, İran, Latviya, Litva, Finlandiya və Estoniyanın dəmiryol idarələrinin rəhbərləri iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk