İQTİSADİYYAT
Minskdə MDB ölkələrinin reklam üzrə Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib
Minsk, 25 aprel, AZƏRTAC
Aprelin 24-də Minsk şəhərində MDB-nin mənzil-qərargahında Birliyin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası yanında Reklam üzrə Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib. Bu barədə AZƏRTAC-a məlumat MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna, Ermənistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Şura üzvləri Birliyə daxil olan ölkələrdə reklam qanunvericiliyinə əməl olunmasında hüquq qaydalarının tətbiqi təcrübəsini, habelə açıq yerlərdə reklam yerləşdirilməsinin normativ-hüquqi xüsusiyyətlərini müzakirə ediblər.
İclasda Şuranın 2015-2016-cı illər üçün iş planı da tutulub.
İştirakçılar “Ağ kvadrat” VII Beynəlxalq Marketinq və Reklam Festivalının tədbirlərinə də qatılıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk