SİYASƏT
Minskdə Nar Bayramı qeyd edilib
Bakı Slavyan Universitetinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Nar Bayramına həsr edilmiş tədbir keçirilib. Bu bayram Azərbaycanda hər il nar məhsulu yığılan günlərdə qeyd edilir.
Belarusun “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin gənclər bölməsi tərəfindən təşkil edilmiş bayramın iştirakçıları arasında ölkənin müxtəlif ali məktəblərinin tələbələri, bir sıra millətlərin nümayəndələri vardı.
“Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin gənclər bölməsindən AZƏRTAC-a verilən məlumata görə, bayramın proqramında xalq mahnı və rəqsləri, tematik müsabiqələr, dama turniri və əlbəttə, narla bağlı maraqlı söhbətlərlə müşayiət olunan ənənəvi çay süfrəsi nəzərdə tutulmuşdu.
Bayramın qonaqları arasında M.Tank adına BDPU-nun Belarus və rus filologiyası fakültəsinin dekanı və dekanlığın əməkdaşları, bir sıra turizm firmalarının nümayəndələri, habelə narı xoşlayan, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq istəyən adamlar da vardı.