İQTİSADİYYAT
Minskdə Regional Rabitə Birliyinin İnsan Resurslarının İnkişafı üzrə Şurasının I iclası keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Regional Rabitə Birliyinin (PCC) İnsan Resurslarının İnkişafı üzrə Şurasının I iclası sentyabrın 3-də Minskdə keçirilib. İclasda Azərbaycanın, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Moldovanın, Rusiyanın, Tacikistanın rabitə administrasiyalarının nümayəndələri iştirak ediblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində təhsil sahəsində əməkdaşlıq, kadrların hazırlanması və insan resurslarının inkişafı məsələləri müzakirə olunub. Daha sonra iclas iştirakçıları tərəfindən PCC-nin İnsan Resurslarının İnkişafı üzrə Şurasının 2015-2017-ci illər üçün iş planı təsdiqlənib.
Beynəlxalq tədbirdə “Bel Huawei Technologies” şirkətinin, “Alkatel Lucent” Tədris Mərkəzinin, “Ericsson” Treninq Mərkəzinin rəhbərlərinin məruzələri dinlənilib. İştirakçılar Qazaxıstanın ali təhsili sistemində tətbiq edilmiş informasiya texnologiyaları üzrə kadrların hazırlanması modeli və Şərqi Avropa ölkələrinin təcrübəsi ilə tanış olublar.