SİYASƏT
Minskdə Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşü keçirilib
Bakı, 1 iyul, AZƏRTAC
Belarusun paytaxtı Minskdə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşü keçirilib. Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev görüşdə iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Şərq Tərəfdaşlığının Riqa Sammitindən sonra Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin perspektivləri haqqında müzakirə aparılıb.
Nazir müavini M.Məmmədquliyev çıxış edərək Azərbaycan ilə Avropa İttifaqı arasında vətəndaşların hərəkəti, enerji və nəqliyyat əlaqələrinin yaradılması, ticarət əməkdaşlığının inkişaf etdirilməsi imkanlarına toxunub. O, həmçinin Azərbaycanda yaxşı idarəçilik sahəsində, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı aparılan islahatlar, həyata keçirilən tədbirlər haqqında məlumat verib və bu çərçivədə “ASAN xidmət”in səmərəli fəaliyyətini qeyd edib.
Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin dünya ictimaiyyəti, o cümlədən Avropa İttifaqı tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb.
M.Məmmədquliyev qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu əməkdaşlığın təşviqi baxımından Azərbaycanın Avropa İttifaqı ilə gələcək münasibətlərini ikitərəfli formatda inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Xatırladaq ki, xarici işlər nazirlərinin qeyri-rəsmi dialoq görüşləri növbəlilik əsasında Şərq Tərəfdaşlığı ölkələrinin paytaxtlarında təşkil olunur. Məqsəd tərəfdaş ölkələr ilə Avropa İttifaqı arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Bundan əvvəlki qeyri-rəsmi dialoq görüşü 2014-cü il sentyabrın 9-da Bakıda keçirilib.