SİYASƏT


Minskdə XIX Dünya Rus Mətbuatı Konqresində mühüm vəzifələr müzakirə olunub YENİLƏNİB VİDEO

Tədbirdə Dünya Xəbər Agentlikləri Konqresini və OANA-nı bu qurumların hazırkı sədri AZƏRTAC təmsil edib

Minsk, 12 iyul, AZƏRTAC

İyulun 12-də Belarusun paytaxtı Minsk şəhərində XIX Dünya Rus Mətbuatı Konqresi keçirilib. Konqresdə mətbuatla bağlı mühüm məsələlər müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, “Gələcək naminə tərəfdaşlıq: müasir sivilizasiyanın prioritetləri” mövzusuna həsr edilən tədbirdə 52 ölkədən KİV rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbirdə Dünya Xəbər Agentlikləri Konqresini və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatını (OANA) bu qurumların prezidenti Aslan Aslanov təmsil edib. Konqresdə, həmçinin Azərbaycandan Trend informasiya agentliyinin baş direktoru İlqar Hüseynov və digər KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Konqresin plenar iclasının açılışında çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko müasir jurnalistikanın cəmiyyətə təsirindən danışıb. O qeyd edib ki, ictimai fikrə görə həm siyasətçilərin, həm də jurnalistlərin məsuliyyəti daim yüksəlir. Dövlət başçısı vurğulayıb ki, internet-məkan və sosial şəbəkələr mənəviyyat, əxlaq, etika qanunları əsasında qurulmalıdır. Prezident deyib ki, yeni texnoloji mühitdə jurnalist peşəsi köklü şəkildə dəyişib, hazırda adi vətəndaşlar da informasiya yaradaraq yaya bilirlər. Belə vəziyyətdə çoxlu sayda təhrif edilmiş informasiyalar da yaranır, həqiqət və yalan arasında sərhədlər itir. “Belə şəraitdə mənəvi və ictimai orientirlər məhz peşəkar jurnalistlər və ənənəvi mediadan asılıdır. Buna görə də düzgün seçim etmək lazımdır: reytinq, şəxsi maraqlar, yoxsa həqiqət, obyektivlik”, - deyə dövlət başçısı vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin Konqres iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciətində bildirilib ki, bu ənənəvi görüşlər rusdilli media məkanında əsas hadisələrdən biridir. Prezident medianın maarifçilik, birləşdirici, tərbiyəvi potensialını önə çəkib və buna görə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Plenar iclasda çıxış edən Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Vitali İqnatenko Konqresin artıq ikinci dəfədir Belarusda keçirildiyini, bu ölkənin rus dilinə böyük diqqət ayırdığını qeyd edib.

Konqres işini “Çağırışlar və imkanlar: suverenlik, inteqrasiya, qloballaşma” və “KİV-lər rəqəmsal inqilab dövründə” mövzularına həsr edilən panel sessiyaları ilə davam etdirib. Sessiyalarda hadisələrin obyektiv işıqlandırılması, sosial şəbəkələrin medianın fəaliyyətinə təsiri, jurnalist məsuliyyəti, münaqişələrin sülh yolu ilə həllində mətbuatın rolu ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hazırda insanlar xəbərləri nəinki KİV-lərdən, həm də digər mənbələrdən alırlar. Buna görə də jurnalistlər bütün rəqəmsal platformalardan səmərəli istifadə etməli və peşəkarlıqları ilə daha üstün olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.