SİYASƏT
Miqrasiya idarəçiliyində hərtərəfli səmərəli siyasət və təcrübələr müzakirə olunub
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də “Miqrasiya idarəçiliyi və cari tendensiyalar: imkanlar və çətinliklər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Kəyan Hacıyev, BMqT-nin eksperti Klaus Folden çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, belə tədbirlər Azərbaycanda və digər ölkələrdə miqrasiya ilə bağlı problemlərin həllində mühüm rola malikdir.
Açılış çıxışlarından sonra tədbir işini sessiyalarla davam etdirib.
Plenar sessiyada çıxış edən BMqT-nin eksperti Klaus Folden təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt haqqında məlumat verib. Bildirib ki, Azərbaycanda bununla bağlı altı konsultasiya keçiriləcək. Azərbaycan yeganə ölkələrdəndir ki, burada belə görüşlər, tədbirlər təşkil olunur. İnanıram ki, bu konsultasiyalar miqrasiya sahəsində yaranan problemlərin həllinə töhfə verəcək. Bu cür konsultasiyalar dünyada 17 ölkədə təşkil olunub, həmçinin region dövlətlərində də həyata keçirilir. Burada miqrasiya sahəsində yaranmış problemlər müzakirə olunur, onun həlli yolları axtarılır, tematik yanaşmalara diqqət yetirilir. Bütün dövlətlər bu baxımdan bir-birinə yardım etməli, bu sahədə ciddi addımlar atmalıdırlar.
Plenar qrup sessiyalarında “Miqrasiyanın idarəçiliyi”, “Sərhəd idarəçiliyi”, “Səmərəli əmək miqrasiyası ilə bağlı siyasət və praktiki tədbirlər” mövzularında müzakirələr aparılıb.
Sessiyalarda təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyanın təşviqi, qlobal miqrasiya meyilləri, miqrasiya və davamlı inkişaf məqsədləri üzrə qlobal kompakt kontekstində qabaqcıl miqrasiya siyasəti üçün miqrasiya idarəçilik strukturu, miqrasiya idarəçiliyi üzrə qanunvericilik çərçivəsi bu sahədə çoxtərəfli aspektlərin anlaşılması, miqrasiya siyasətinin gücləndirilməsi və qiymətləndirilməsi üçün alətlər, hüquq və proqramlama - milli institusional siyasi, hüquqi çərçivələrin təhlili və qiymətləndirilməsi üçün miqrasiya idarəçilik indeksi, milli, regional, beynəlxalq əməkdaşlıq və təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyanın həyata keçirilməsi məqsədilə nəzarət mexanizmləri haqqında müzakirələr aparılıb. Həmçinin əmək miqrantları axınlarının iqtisadi hədəflərə və əmək bazarının tələblərinə cavab verə bilməsi üçün qanunvericilik, miqrant hüquqlarının müdafiəsinin təmin edilməsi və sosial uyğunlaşmanın təşviqi, beynəlxalq miqrasiya və inkişaf məsələləri müzakirə olunub.
Sessiyalarda DMX-nin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Emin Allahverdiyev, BMqT-nin Afrika təlim mərkəzinin nümayəndəsi Nelson Qarcao Qoncalves, Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələr baş idarəsinin rəis müavini Murad Nağıyev, BMqT-nin nümayəndəsi Maykl Nyuson, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin miqrasiya sektorunun müdiri Fuad Cabbarov çıxışlar ediblər.
Sonra sessiyalardakı mövzularla bağlı müzakirələr aparılıb, tövsiyələr səsləndirilib.
BMqT-nin beynəlxalq ekspertlərinin iştirak etdikləri tədbirin sonunda mövzu ilə əlaqədar tövsiyələr hazırlanaraq qlobal kompakta hazırlıq prosesinə Azərbaycanın töhfəsi kimi təqdim olunacaq.
Qeyd edək ki, 2016-cı il sentyabrın 19-da BMT-yə üzv dövlətlər “Qaçqın və miqrantlarla bağlı Nyu-York Bəyannaməsi”ni qəbul edərək təhlükəsiz, nizamlı və müntəzəm miqrasiya üçün qlobal kompakt sənədinin hazırlanması istiqamətində razılığa gəliblər. Bu sənəd BMqT tərəfindən milli, regional və qlobal miqyaslarda miqrasiya idarəçiliyinin bir çox tematik sahələrinə həsr olunmuş müxtəlif müzakirə, məsləhətləşmə və danışıqların keçirilməsini nəzərdə tutub. Məhz bu çərçivədə cari ilin aprelindən oktyabrınadək üzv dövlətlərdə BMqT-nin təşkilati dəstəyi ilə tematik məsləhətləşmələr həyata keçirilir. DMX ilə BMqT-nin ölkəmizdəki nümayəndələri tərəfindən əldə olunan razılığa əsasən, təşkilat iyun-iyul aylarında milli səviyyədə müxtəlif mövzularda əlaqədar dövlət qurumları, akademiya, BMT-nin digər ixtisaslaşmış qurumları, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı ilə yerli səviyyədə müzakirələrin keçirilməsində Azərbaycan Hökumətinə dəstək verir.