REGİONLAR
Miqrasiya və sərhəd idarəçiliyində Azərbaycan modeli əsaslı təcrübə kimi diqqət mərkəzindədir
Naxçıvan, 27 iyul, AZƏRTAC
Bu gün ölkəmiz üçün miqrasiya problemlərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmin olunması, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki “Təbriz” otelində müvafiq təşkilatların əməkdaşlarının iştirakı ilə keçirilən “Həssas miqrantların, o cümlədən əməkçi miqrantların, məcburi köçkünlərin, sığınacaq axtaranların və qaçqınların haqlarının müdafiəsi” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev dünyada miqrasiya prosesinin tənzimlənməsinin və miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğunu deyib.
Bildirilib ki, statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrant, 750 milyonu isə ölkələrin daxilində miqrasiya edənlərdir. Bu gün dünyada qaçqın və məcburi köçkün problemi çox kritik bir həddə çatıb. Buna görə də məcburi köçkünlərin ağır vəziyyəti və ehtiyacları diqqətdən kənarda qalmamalıdır. Beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə birgə mövqedən çıxış etməsi zəruridir. Münaqişədən əziyyət çəkmiş ölkə kimi biz qaçqınların və məcburi köçkünlərin vəziyyətini, çətinliklərini çox yaxşı başa düşürük. Təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlı öz daimi yaşayış yerlərindən qovularaq, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Xidmət rəisi qeyd edib ki, dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları – sərbəst hərəkət etmələri, yaşayış yeri seçmələri, təhsil almaları, əmək fəaliyyəti ilə məşğul olmaları, səhmdar və sahibkar kimi fəaliyyət göstərmələri, şəxsi toxunulmazlıqları, mənzil toxunulmazlıqları, sağlamlıqlarının qorunması, vicdan azadlığı tam təmin olunur. Ölkəmiz miqrasiya sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və görülən işlər həmin təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxışında bu tədbirin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə yaradılan şərait üçün muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Serhan Aktoprak Azərbaycanda 6 fərqli istiqamətdə 6 müxtəlif tədbir keçirildiyini və beləliklə də, Azərbaycanın təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakta dəstək olduğunu vurğulayıb.
Serhan Aktoprak xüsusilə qeyd edib ki, Azərbaycanda keçirilən tədbirlərdə əhatə olunan mövzular Beynəlxalq Miqrasiya Təşkilatına üzv dövlətlər tərəfindən 2016-cı il sentyabrın 19-da qəbul olunan “Qaçqınlar və miqrantlar üçün Nyu-York Bəyannaməsi”ndə əks etdirilən miqrasiya ilə əlaqəli 24 istiqamətə uyğun müəyyənləşdirilib. Bu gün təkcə Avrasiya regionunda deyil, dünyanın başqa bölgələrində də maraq göstərilən, öyrənilən miqrasiya və sərhəd idarəçiliyində Azərbaycan modeli adlanan əsaslı bir təcrübə diqqət mərkəzindədir. Bu mənada, Azərbaycanın beynəlxalq və regional proseslər çərçivəsində qlobal kompaktda aktiv iştirakı və ona liderlik etməsi heç də təəccübləndirici deyil.
Tədbirdə BMqT-nin mütəxəssisi Klaus Foldenin “Nyu-York Bəyannaməsi və təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya üzrə qlobal kompakt”, BMqT-nin hüquq üzrə mütəxəssisi Fanny Dufvenmarkın “Miqrantların haqlarının və fundamental azadlıqlarının qorunması və həssas vəziyyətlərdə olan miqrantların xüsusi ehtiyacları”, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelisin “Qaçqın və sığınacaq axtaranların hüquqlarının qorunması”, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Kənan Məmmədovun “Miqrantların hüquqlarının qorunmasına dair Azərbaycan qanunvericiliyi” mövzularında təqdimatları olub. Təqdimatlar zamanı mövzulara slaydlar vasitəsilə ətraflı izah verilib.
Sonra tədbir iştirakçıları panel müzakirələrində iştirak ediblər.