REGİONLAR
Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyində görkəmli yazıçının xatirəsi anılıb
Gəncə, 26 aprel, Rauf Hacıyev, AZƏRTAC
XX əsr Azərbaycan ədəbi-mədəni mühitinin yetirdiyi böyük yazıçı, görkəmli elm xadimi Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyində təşkil olunan anım tədbirində ədəbiyyatsevərlər ədibin yaradıcılığına nəzər salıb, onunla bağlı xatirələrini bölüşüblər.
AZƏRTAC xəbər verir ki, Mir Cəlal Paşayevin anadan olmasının 109-cu ildönümü münasibətilə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev və şəhər ziyalıları iştirak edib.
İcra hakimiyyətinin başçısı Elmar Vəliyev görkəmli elm xadimi, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına nəzər salıb. Bildirilib ki, Mir Cəlal Paşayevin bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini nəsr əsərləri ilə daha da zənginləşdirib. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur.
Azərbaycan Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev vurğulayıb ki, Mir Cəlal Paşayev 1908-ci ildə İranın Ərdəbil ostanının Əndəbil kəndində doğulsa da, kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. Mir Cəlal Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində təhsil alıb. 1926-1927-ci illərdə əvvəlcə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.
Qeyd edilib ki, Əməkdar Elm Xadimi 1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olub. Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən isə professor kimi fəaliyyət göstərib.
AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı nəzəriyyəsinin də yaradıcısı hesab olunduğunu bildirib.
Tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri musiqi proqramı ilə çıxış ediblər.