İDMAN
Mirça Luçesku “Zenit”dəki fəaliyyətini böyük səhv adlandırıb
Bakı, 31 may, AZƏRTAC
Bu həftə “Zenit” klubunun baş məşqçisi vəzifəsindən kənarlaşdırılan rumıniyalı mütəxəssis Mirça Luçesku “Gazeta Sporturilor” nəşrinə müsahibəsində Sankt-Peterburq klubuna gəlməsini böyük səhv adlandırıb.
TASS məyus olmuş mütəxəssisin ”Zenit”ə gəlmək böyük səhv idi” sözlərini sitat gətirib.
Nəşr yazır ki, işdən çıxarılmış məşqçi müqavilənin yerdə qalan müddəti üçün məvacibinin yarısı məbləğində kompensasiya almağı planlaşdırır.
Yetmiş bir yaşlı mütəxəssis “Zenit” klubuna 2016-cı ilin mayında başçılıq edib və bu vəzifədə portuqaliyalı Andre Villaş-Boaşı əvəzləyib. O, klub ilə “2+1” sxemi üzrə, yəni müddəti daha bir il uzadılma imkanı ilə ikiillik müqavilə imzalayıb. Sankt-Peterburq klubunun direktorlar şurası mayın 28-də müqavilənin vaxtından qabaq pozulması haqqında qərar qəbul edib.
M.Luçesku “Zenit” ilə birlikdə Rusiya Superkubokunu udub, UEFA Avropa Liqasının pley-off mərhələsinə çıxıb və ölkə çempionatının bürünc mükafatçısı olub. Amma məşqçinin qarşısında Rusiya çempionatını udmaq və Çempionlar Liqasına qayıtmaq vəzifəsi qoyulmuşdu. Bu vəzifələrdən heç biri yerinə yetirilməyib. “Zenit” 2016/17-ci illər mövsümünü Rusiya Federasiyasının Premyer-Liqasının turnir cədvəlinin üçüncü pilləsində başa çatdırıb.
“Zenit”in baş direktoru vəzifələrini müvəqqəti icra edən yeni prezidenti Sergey Fursenko ümid edir ki, komandaya italiyalı mütəxəssis Roberto Mançini başçılıq edəcək. Məşqçi mayın 29-da artıq “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Millerlə görüşüb.