İDMAN
Miron Markeviç: “Dnepr”in aparıcı oyunçuları ilə söhbət edib araşdırma aparacağıq
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, “Dnepr” komandasının baş məşqçisi Miron Markeviç Avropa Liqası qrup turnirində “Dnepr”in öz meydanında “Qarabağ” komandası ilə görüşdə məğlub olmasından (0:1) hədsiz narazı qalıb. Məşqçi öz yetirmələri ilə, xüsusən komandanın əsas oyunçuları ilə ciddi söhbət aparacağını vəd edib.
UEFA-nın rəsmi saytı Markeviçin aşağıdakı sözlərini sitat gətirib:
-Öz komandama necə qiymət verərdim? Heç necə! Qiymət verməzdim. Bu, oyun deyildi, bunu anlamaq mümkün deyil. Çempionatda biz daha motivasiyalı oyun nümayiş etdirirdik, Avropa Liqasında isə ...Bəlkə bu onunla bağlıdır ki, biz evimizdə yox, belə bir nəhəng və üstəlik, boş stadionda çıxış edirik. Hər halda meydana bu əhval-ruhiyyə ilə çıxmaq olmaz. Əgər biz Avropa kuboklarında mübarizəni davam etdirmək istəyiriksə udmaq lazım idi. Lakin futbolçuların əksəriyyətinin bu əhvalını görəndə mən onlarla nə barədə danışacağımı bilmirəm.
Məğlubiyyətimiz qanunauyğun oldu. “Qarabağ”ın qələbə əzmi daha güclü idi, bizdə isə top çox vaxt yarımmüdafiəçilərdə və hücumçularda yox, müdafiəçilərdə olurdu. Öz meydanında belə oynamazlar! Biz hətta Seleznyovu meydana buraxdıq ki, topu necəsə ələ keçirək, lakin əgər top daim arxada və ya meydanın ortasındadırsa, buna futbol deməzlər. Ümumiyyətlə, bizim komandamız özünə oxşamırdı. Biz komandanın aparıcı oyunçuları ilə söhbət edib araşdırma aparacağıq.