MƏDƏNİYYƏT
Mirzə Kazım bəyin seçilmiş əsərləri “Hədəf” nəşrlərində
Bakı, 10 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
“Hədəf” nəşrlərində Mirzə Kazım bəyin seçilmiş əsərləri işıq üzü görüb.
Nəşriyyatın direktoru və kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq nəşr və kitabın müəllifi haqqında AZƏRTAC-a məlumat verib.
Bildirib ki, ilk dəfə Azərbaycan dilində nəşr olunan kitabda uyğurların tarixini, bu adın etimologiyasını açan “Uyğurlar”, çox böyük dini hərəkat olan babiliyin tarixindən və hərəkatın banisi olan Babın kimliyindən bəhs edən “Bab və babilik”, həmçinin böyük tarixi şəxsiyyət kimi tanınan Şeyx Şamil haqda əhəmiyyətli faktları özündə ehtiva edən “Müridizm və Şamil” məqalələri toplanıb. Kitabı rus dilindən dilimizə İsmayıl Umudlu tərcümə edib.
Ş. Sadiq vurğulayıb ki, Azərbaycan şərqşünaslıq elmi, dilçilik elmi, tarixi, mədəniyyəti Mirzə Kazım bəyə sahib çıxmalı, bu torpağın övladı olmasını uca səslə bəyan etməlidir.