REGİONLAR
Mirzə Şəfi Vazeh adına muzey üçün eksponatların toplanılmasına başlanılıb VİDEO
Gəncə 13 iyul, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində yeni yaradılan Mirzə Şəfi Vazeh adına muzeyin binasında və eyniadlı parkda tikinti işləri yekunlaşıb. Hazırda muzeyin ekspozisiyasının tərtibatına və burada nümayiş etdiriləcək eksponatların toplanılmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ictimaiyyət qarşısında çıxışı zamanı deyib.
İcra hakimiyyətinin başçısı şəhərdə həyata keçiriləcək bir sıra sosial-iqtisadi və mədəni layihələrdən danışaraq bildirib ki, Gəncədə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdirilir. Bu məqsədlə Gəncədə XIX əsrdə yaşamış Azərbaycanın mütəfəkkir şairi Mirzə Şəfi Vazehin adını daşıyan muzey və park yaradılıb.
Muzey haqqında məlumat verən Elmar Vəliyev deyib ki, iki mərtəbədən ibarət olan bina qırmızı bişmiş kərpicdən, XIX əsrin birinci yarısına xas olan Avropa memarlıq üslubunda tikilib. Muzeyin ətrafında eyniadlı park salınıb. Geniş ərazini əhatə edən parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub.
Muzeyin gələcək fəaliyyəti haqqında da danışan Elmar Vəliyev bildirib ki, binanın birinci mərtəbəsində vaxtilə şairin özünün təşkil etdiyi eyniadlı “Divani Hikmət” ədəbi məclisi fəaliyyət göstərəcək. Burada Gəncə Yazıçılar Birliyinin üzvlərinin, həmçinin ətraf bölgələrdən olan yazarların yeni əsərlərinin müzakirələri və kitablarının təqdimatı keçiriləcək.
İkinci mərtəbədə isə Mirzə Şəfi Vazehin bədii irsini özündə əks etdirən eksponatlar, dünyanın müxtəlif muzey, kitabxana və arxiv fondlarında saxlanılan, şairin yaradıcılığı ilə bağlı olan ayrı-ayrı sənədlərin surətləri, eləcə də XIX əsrin birinci yarısına aid müxtəlif əşyalar nümayiş etdiriləcək.