CƏMİYYƏT
Misir KİV-ləri: “ISESCO dünya birliyini Azərbaycanın mövqeyi ilə həmrəy olmağa çağırır”
Qahirə, 27 noyabr, AZƏRTAC
Misirdə çıxan “Əl-Mühit” və “Əl-Səhmnyus” nəşrləri ISESCO-nun (Təhsil, elm və mədəniyyət məsələləri üzrə İslam təşkilatının) İcraiyyə Şurasının Bakıda keçirilmiş 36-cı iclası barədə məqalələr dərc edib.
Qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakıda keçirilmiş iclasda son üç ildə planlaşdırılan işlərin yerinə yetirilməsinin gedişi və təşkilatın iştirakçısı olan ölkələrin yaxın gələcəkdə əməkdaşlığı ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib. ISESCO-nun İcraiyyə Şurasının iclası üç illik fəaliyyətin yekunlarına əsasən 2016-2018-ci illər üçün yeni tədbirlər planı qəbul edilməsinə yol açıb.
“Əl-Mühit” nəşri ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin çıxışını ətraflı şərh edib. Baş direktor Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə insanlığa qarşı törədilmiş cinayətləri kəskin pisləyib, işğal edilmiş Azərbaycan ərazilərində mədəni-tarixi irsin məhv edilməsi faktlarına diqqəti cəlb edib. Əl-Tuveycri dünya birliyini Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılmasının zəruriliyi barədə Azərbaycan Respublikasının ədalətli mövqeyi ilə həmrəy olmağa, həmçinin bütün beynəlxalq məkanlarda bu məsələdə Azərbaycan hökumətini dəstəkləməyə çağırıb.
Asya Hacızadə
AZƏRTAC—ın xüsusi müxbiri
Qahirə