SİYASƏT
Misir Mədəniyyət Mərkəzi AzərTAc ilə daha sıx əməkdaşlıq qurmaq istəyir
Oktyabrın 20-də AZƏRTAC-da Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ilə görüş keçirilib. Görüşdə Mədəniyyət Mərkəzinin AZƏRTAC ilə daha sıx əməkdaşlıq qurmaq istəyi açıqlanıb.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Misir-Azərbaycan əlaqələrinin inkişafında bu ölkənin mədəniyyət mərkəzinin özünəməxsus rol oynadığını qeyd etdi. IV Bakı Beynəlxalq Humanitar Forumunda və görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın 75 illiyinə həsr edilmiş beynəlxalq konfransda Misirin geniş nümayəndə heyəti ilə təmsil olunmasını iki ölkənin güclənən əməkdaşlığının bariz nümunəsi kimi dəyərləndirən Aslan Aslanov AZƏRTAC-da Eyn Şəms universitetinin professorları Tariq Şələbi və İslam əş-Şərqavi ilə keçirilmiş görüşü xatırlatdı.
Mədəniyyət mərkəzinin direktoru Əhməd Sami əl-Aydi də öz növbəsində ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafında medianın roluna diqqət çəkdi və AZƏRTAC-ın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdi. O, rəhbərlik etdiyi qurumun fəaliyyətinin AZƏRTAC tərəfindən geniş işıqlandırılmasına görə təşəkkürünü bildirdi və mərkəzin agentliklə daha sıx əməkdaşlıq qurmaqda maraqlı olduğunu vurğuladı.
Sonra təklif edilən əməkdaşlığın əsas aspektləri və istiqamətləri nəzərdən keçirildi.
Görüşün sonunda Əhməd Sami əl-Aydi Aslan Aslanova Misir Ali Təhsil Nazirliyinin xatirə hədiyyəsini təqdim etdi.