MƏDƏNİYYƏT
Misir Mədəniyyət Mərkəzində görüş olub
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin müdiri Ahmed Sami Elaydi ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı mədəni əlaqələrdən söhbət açılıb.
Kərim Tahirov yanvarın 28-də Misirdə keçiriləcək 46-cı Beynəlxalq kitab sərgisində ölkəmizin də təmsil olunacağını qeyd edib.
Misirin qabaqcıl ali təhsil ocaqlarından olan Ayn Şəms Universitetində Azərbaycan dilinin tədrisindən danışan Ahmed Sami Elaydi bu universitetdə ölkəmizə aid guşənin yaradılmasını təklif etdiyini söyləyib. Mərkəzin rəhbəri Azərbaycan haqqında Misir xalqının çox məlumatlı olduğunu, ölkəmizin tarixi, Qarabağ həqiqətləri barədə bir sıra əsərlərin, məqalələrin ərəb dilinə tərcümə edilərək oxuculara çatdırıldığını bildirib.
Görüşdə Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanası arasında müqavilənin yenidən imzalanmasının vacibliyi də qeyd edilib.
Sonda Milli Kitabxananın direktoru Azərbaycana aid kitabları mədəniyyət mərkəzinin kitabxanasına hədiyyə edib.