SİYASƏT
Misir Prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib
Bakı, 16 yanvar, AZƏRTAC
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bölgədə və ərəb dünyasında terrorla mübarizədəki roluna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mükafatı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mükafat Prezident Sarayında NGBM-in nümayəndə heyətinin iştirakı ilə keçirilən xüsusi mərasimdə Əbdülfəttah əs-Sisiyə təqdim edilib. Misir Prezidenti bu mükafatı yüksək qiymətləndirərək NGBM-in ailəsinə qəbul olunmasından məmnunluğunu bildirib.
Prezident Əbdülfəttah əs-Sisi Mərkəzin müxtəlif sivilizasiyalar və dinlər arasında tolerantlıq və dialoq dəyərlərini müdafiə etməyə çağıran mesajını təqdir edib, xüsusilə Qahirədə təşkil edilən NGBM-in XI Ali Səviyyəli Toplantısının və müzakirə edilən mövzuların region üçün əhəmiyyətini vurğulayıb.
Görüşdə Misir Prezidentinə V Qlobal Bakı Forumunda iştirakı ilə bağlı NGBM-in dəvəti çatdırılıb. Əbdülfəttah əs-Sisi artıq Davos İqtisadi Forumunun siyasi alternativinə çevrilən Qlobal Bakı Forumunda ölkəsinin ali səviyyədə təmsil olunacağını bildirib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə NGBM-in həmsədri İsmail Seragəldin, Makedoniya Prezidenti George İvanov, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Albaniyanın sabiq Prezidenti Rexhep Meydani, Rumıniyanın sabiq dövlət başçısı Emil Konstantinesku, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Livanın keçmiş Prezidenti Amine Gemayel, Moldovanın sabiq dövlət başçısı Petru Luçinski, Nigeriyanın eks-prezidenti Olusegun Obasanjo, Xorvatiyanın keçmiş Prezidenti İvo Josipoviç, Ekvadorun eks-prezidenti Rosalia Arteago, İordaniyanın keçmiş Baş naziri Taher Masri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, NGBM-in Baş katibi Rövşən Muradov və təşkilatın digər üzvlərindən ibarət nümayəndə heyəti iştirak ediblər.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb.