DÜNYA
Misir Səhiyyə Nazirliyi: Terror aktı nəticəsində dörd adam həlak olub [YENİLƏNİB]
Qahirə, 24 noyabr, AZƏRTAC
Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Əriş şəhərindəki “Swiss Inn” otelində bu gün səhər törədilən terror aktlarının təfərrüatı açıqlanıb.
Misir Səhiyyə Nazirliyinin yaydığı rəsmi bəyanata görə, terror aktı nəticəsində dörd adam, o cümlədən bir hakim, iki polis və bir mülki şəxs həlak olub, 17 nəfər yaralanıb.
Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Məhəmməd Samir bildirib ki, otelə hücum edən terrorçular məhv edilib. Bildirilib ki, təhlükəsizlik qüvvələri içərisində intiharçı-terrorçunun olduğu avtomobilin otelin ərazisinə daxil olmasına imkan verməyiblər. Nəticədə avtomobil otelin hasarının o biri tərəfində partlayıb. Amma belində partladıcı kəmər olan ikinci terrorçuya otelin mətbəxinə daxil olmaq və partladıcı qurğunu işə salmaq müyəssər olub. Üçüncü silahlı isə mehmanxana nömrələrindən birinə daxil olaraq, nizamsız atəş açıb. Nəticədə hakim Əmr Məhəmməd Həmmad həlak olub.
Terror hücumlarına aidiyyəti olan cinayətkarlar barəsində axtarış elan edilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə