SİYASƏT
Misir ictimaiyyəti Azərbaycan həqiqətləri haqqında məlumatlandırılıb
Qahirə, 13 oktyabr, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin geniş tamaşaçı auditoriyasına malik “Nil Əl-Əxbar” televiziya kanalına müsahibə verib.
Səfir müsahibəsində Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı danışıb. O, müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyini bərpa etdiyini və beynəlxalq aləmə inteqrasiya etdiyini diqqətə çatdırıb.
Ş.Abdullayev Azərbaycanın sürətlə inkişaf etməsinə baxmayaraq, ölkənin qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayıb. O, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından məcburi şəkildə çıxarıldığını qeyd edib, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirib.
Daha sonra səfir ikitərəfli münasibətlərdən danışaraq Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudanın cari ilin may ayında Azərbaycana səfər etməsinə toxunub, Misirin Şarm Əl-Şeyx şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasından sonra Şarm Əl-Şeyx-Bakı birbaşa hava xəttinin bu yaxınlarda açılmasının gözlənildiyini deyib. Diplomat hər iki ölkənin turizm imkanlarından da bəhs edib, ilkin mərhələdə azərbaycanlı turistlərin Misirin Şarm Əl-Şeyx, daha sonra digər şəhərlərinə səfərinin, eyni zamanda, misirli turistlərin Azərbaycana səfər etməsinin nəzərdə tutulduğunu bildirib.
Misirin Afrikada və Yaxın Şərqdə mühüm rol oynadığını vurğulayan səfir ölkənin təhlükəsizliyinin və inkişafının region üçün vacib olduğunu bildirib və Misir-Azərbaycan əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edib.
Misir və Azərbaycan arasında son illərdə iqtisadi sahədə, xüsusilə də neft sahəsində əməkdaşlığın inkişaf etdiyini söyləyən Ş.Abdullayev Misirin Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının dövriyyəsinin son dörd il ərzində daha da artdığını qeyd edib.
Azərbaycan və Misir arasında müştərək iqtisadi komissiyanın fəaliyyətinə toxunan Ş.Abdullayev həmin komissiyanın iclasının sonuncu dəfə 2009-cu ildə keçirildiyini, daha sonra isə Misirdəki vəziyyətlə əlaqədar fəaliyyətini dayandırdığını, lakin cari ilin sonunda və ya növbəti ildə komissiyanın fəaliyyətinin bərpa edilməsi üçün hər iki tərəfdən səylərin göstərildiyini bildirib. Misirin beynəlxalq iqtisadi layihələrində, xüsusilə də Süveyş kanalı hövzəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrdə Azərbaycanın iştirak etməkdə maraqlı olduğunu bildirən səfir müştərək iqtisadi komissiyanın keçiriləcəyi zaman Azərbaycan şirkətlərinin və iş adamlarının Misirə səfərinin həyata keçiriləcəyini vurğulayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə